“Bələdiyyələrin büdcəsini artırmaq üçün sənədləşməyən tikililərin sənədləşdirilməsini həyata keçirmək ümumi işin xeyrinə olardı”. Bu sözləri belediyye.info saytına açıqlamasında Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxşıyev deyib. Onun sözlərinə görə, elə tikililər var ki, əvvəlki bələdiyyənin vaxtında Masallı şəhərində qeydiyyat olmayan insanlara verilmiş torpaqların üzərində tikilib: “Nazirlər Kabinetinin müvafiq qərarı ilə 5 ildən yuxarı qeydiyyatda olmayan vətəndaşlara torpaq ayrılması mümkün deyil. Tutaq ki, Lerikdən, Masallının kəndindən gəlib evlər tikiblər, biz bu mülkiyyəti sənədləşdirə bilmirik. Bu evlər də sənədləşdiyi halda bizim büdcəmizə əlavə vəsait daxil olar. Mən deyərdim ki, əsas problem budur”.
A.Baxşıyev Masallı bələdiyyəsinin hər hansı biznes strukturuna sahib olmadığını deyib. O həmçinin qeyd edib ki, bələdiyyə öz əməkdaşlarının əmək haqqısını vaxtında ödəyir: “O cümlədən Dövlət Sosial Müdafiə Fonduna hər hansı səbəbdən gecikmələr olmur. Buna heç vaxt şərait yaratmıram”.
Bələdiyyə sədrinin sözlərinə görə, icra hakimiyyəti yerli özünüidarəetmə orqanının fəaliyyətinə hər zaman köməklik göstərib. A.Baxşıyev deyib ki, onların fəaliyyətinə hər hansı maneələr yaradılmır. Artıq ikinci dəfədir ki, bələdiyyəyə seçilmişəm və bunun şahidi olmamışam”.
A.Baxşıyev qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra əmlak və torpaq vergisinin nağd ödənişi yanvar ayının 1-dən dayandırılıb: “Bələdiyyənin Masallı poçtunda may ayının 10-dan yeni hesabı açılıb, ancaq əvvəldən bank hesabımız da var. Bildirişlər göndərilir, təbliğat aparırıq ki, vətəndaşlar əmlak və torpaq vergisini Avropa ölkələrində olduğu kimi gedib poçta ödəsin. Bizi bu işi mədəni şəkildə həyata keçiririk ki, vətəndaş necə ki, qaza, işığa pul köçürür, bələdiyyəyə də o qaydada vergisini özü ödəməkdə maraqlı olsun. əslində bu qaydalar bələdiyyələr üçün çox qəbuledicidir. Nəyə görə vətəndaşın qapısına işçilərimizi göndərməliyik? Köhnə qaydalar bələdiyyələrin nüfuzuna xələl gətirirdi. Bələdiyyə olaraq, biz yeni qaydaları bəyənirik və bu bizim gördüyümüz işlərin nüfuzunun artmasına səbəb olacaq”.
B.Məmmədli